logo

"Qaradağ Lökbatan" turnirin qalibi olub

image
Açılış mərasimində Şota Arveladze iştirak edib
Azərbaycanda həvəskar futbol turniri keçirilib. AFFA-nın, “Sport Marketing Group” şirkətinin və İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) təşkilatçılığı ilə keçirilən turnirdə 24 komanda mübarizə aparıb. Komandalar 4 qrupa (A, B, C və D) bölünüb və hər qrupda 6 komanda yer alıb. Turnirin açılış mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, ölkəmizdə səfərdə olan, bir vaxtlar Hollandiyanın “Ayaks”, Şotlandiyanın “Qlazqo Reyncers”, eləcə də Türkiyənin “Trabzonspor” klubunda çıxış etmiş, hazırda isə karyerasını məşqçi kimi davam etdirən gürcüstanlı Şota Arveladze və kiçik qardaşı Arçi Arveladze, futbol ictimaiyyətinin nümayəndələri, eləcə də turnirdə iştirak edən komandalar iştirak ediblər. Yarış iştirakçılarını salamlayan AFFA-nın baş katibi E. Məmmədov bildirib ki, bu formatda turnir Azərbaycanda ilk dəfədir ki, keçirildiyini bildirərək həvəskar futbolçulara uğurlar arzulayıb. Turnirə marağın böyük oduğunu deyən AFFA rəsmisi gələcəkdə bu cür yarışların davamlı olaraq keçiriləcəyinə əminliyini ifadə edib: “Çox gözəl təşəbbüsdür. Bildiyiniz kimi, bu qısa müddətli bir turnirdir. Ən sevindirici məqam isə ondan ibarətdir ki, turnirin qalibləri gələn ay Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etmək şansı qazanacaqlar. Bütün xərclər isə təşkilatçılar tərəfindən ödəniləcək. Başqa bir sevindirici məqam isə ondan ibarətdir ki, təşkilatçıların da dedikləri kimi, avqust və ya sentyabr aylarında mütəmadi həvəskar mini futbol liqasına start veriləcək”.

Gürcüstan futbolunun ulduzu Şota Arveladze də turnirin əhəmiyyətindən danışaraq, bu cür yarışların ölkədə futbolun inkişafı baxımından önəmli olduğunu vurğulayıb:
“Çox uğurlu bir layihədir. Turnirdə iştirak edən bütün komandalara uğurlar arzu edirəm. Növbəti il öz komandamla turnirin ən güclü komandası ilə oynamaq istəyərdim”.
Turnirin rəmzi açılışını bildirən topa ilk toxunuşu gürcüstanlı Şota və onun kiçik qardaşı Arçil Arveladze qardaşları etdilər.

Qalib AVRO-2016-ya yollandı
Qeyd etdiyimiz kimi, 24 komandanın iştirak etdiyi və 1 ay müddətində davam edən turnirin iyunun 19-da Bakı Olimpiya Stadionunda yerləşən “Sportster” idman kompleksində MFL yay Kubokunun final oyunu keçirilib. Finalda bütün ay boyunca turnirin ən güclü komandaları – “Qaradağ Lökbatan” və “Napoli” qarşılaşıblar. Komandalar hər iki hissədə kəskin hücumlar edərək baxımlı və gərgin futbol nümayiş etdiriblər. Rəqiblər elə birinci hissədəcə qapılara top vurmaq imkanlarına malik olsalar da, qapıçılar və hər iki komandanın müdafiəçiləri rəqibin hücumunu müvəffəqiyyətlə dəf ediblər. Lakin rəqibinin səhvlərindən istifadə edən "Qaradağ Lökbatan" turnirin qalibi adını qazanıb.

Beləliklə, turnirdə iştirak edən 24 komanda arasında MFL-in yay Kubokunun qalibi “Qaradağ Lökbatan” komandası oldu. Çempionatın bombardiri də çempion komandanın üzvü, rəqib qapılarına 21 top vuran Nicat Baxşıyev oldu. Qeyd edək ki, “Qaradağ Lökbatan” turnirin ən məhsuldar komandası adını da qazandı. Onun hesabında 60 vurulmuş və10 buraxılmış top var. Bundan başqa komanda bütün turnir ərzində bir dəfə də olsun məğlub olmadı. Həmçinin qeyd edək ki, 3-cü yerin qalibi “Galaxy Travel” komandası oldu (3-cü yer uğrunda matç keçirilmədi, rəqibə texniki məğlubiyyət verilib).

Qalib “Qaradağ Lökbatan” komandasına qızıl medalları, kubok və əsas mükafatı – Fransada keçirilən Avropa Çempionatının yarımfinal oyununa biletləri Azərbaycan yığmasının sabiq oyunçusu, hazırda məşqçi olan Mahmud Qurbanov təqdim edib.