logo

84 idman jurnalistinin iştirak etdiyi "Media turniri-3" başa çatıb

image
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında 2 ay müddətində təşkil edilən “MEDİA turniri-3” başa çatıb. İFTİB tərəfindən sayca üçüncü dəfə keçirilmiş yarışla bağlı qısa statistik məlumatları nəzərinizə çatdıraq. Oktyabrın 4-də "Media turniri-3"ün püşkatma mərasimi baş tutub. Oktyabrın 6-da start götürən turnir ilk iki yarışdan fərqli olaraq dairəvi sistem üzrə 1 dövrədən ibarət olub və 24 noyabr tarixində yekunlaşıb.

28 oyunun keçirildiyi "Media turniri-3"də ümumilikdə 84 idman jurnalisti qeydiyyatdan keçib. Qeyd edək ki, "Media turniri-1"də 98, "Media turniri-2"də isə 99 idman jurnalisti iştirak etmişdi.

Turnir ərzində hakimlər tərəfindən futbolçulara 19 sarı, 2 qırmızı vərəqə (Səfər Qazıyev / Şəmsəddin Abbasov) göstərilib və yarışda 4 avtoqol olub (Kənan Həsənov, Teymur Maksudov, Araz Əhmədov, Fəxri Məmmədov). Turnirin qalibi "İdman Azərbaycan" komandası ən çox qol vuran və qapısından ən az top buraxan kollektiv olub (41/9).

"Media turniri-3"ün ən sərrast futbolçusu 19 qolla Sərxan İbrahimoğlu (İdman Azərbaycan) olub. Yarışın ən yaxşı futbolçusu İlqar Tağıyev (Xəzər Lənkəran), ən yaxşı qapıçısı isə Rövşən Əhlimanoğlu (CBC Sport) seçilib. "Bakı" komandası isə "FAİR PLAY" mükafatına sahib çıxıb.

Noyabrın 24-də "Media turniri-3"ün son turunun oyunları keçirilib ardınca mükafatlandırma mərasimi baş tutub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və İctimai Futbol Təşkilatları İB-nin prezidenti Elxan Tağızadə təqdim ediblər.