İctimai Futbol Təşkilatları İctimai Birliyi ənənəvi təşkil etdiyi Media turnirinin sayca 5-cisini mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun xatirəsinə həsr edib. 2023-cü ildə müəyyən fasilədən sonra keçiriən "Media turniri-5" 4 ay müddətində davam edib. AFFA-nın dəstəyi ilə keçirilən yarışın həlledici qarşılaşmalarından sonra “Dinamo-Bakı”nı məğlub edən “CBC Sport” turnirin qalibi adını qazanıb. Son nəticələrə əsasən, “Sportal” komandası gümüş, “Xəzər” komandası isə turnirin bürünc medallarına sahib çıxıb. Oyunlardan sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, İctimai Futbol Təşkilatları İB-nın rəhbəri Elxan Tağızadə və “Neftçi” İdman Klubu İB-nin İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov iştirak edib. Qaliblərə nominasiyalar üzrə mükafatlar, kubok, diplom, medallar və təşkilat tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edilib. Qeyd edək ki, “Media turniri-5”in ən sərrast futbolçusu 18 qolla Məsim Məsimzadə (Dinamo-Bakı) olub. Yarışın ən yaxşı futbolçusu Mirbağır Cəfəri (Sportal), ən yaxşı qapıçısı isə Yusif Hüseyn (Xəzər) seçilib. Turnirdə müsabiqədənkənar iştirak edən “Əşrəfoğlunun dostları” komandasının üzvü Səlim Abbasov isə turnir ərzində ümumilikdə 39 qol vurmaqla bütün rəqiblərini qabaqlayıb.

 

"MEDİA turniri - 5" / HAQQINDA

İştirakçı komandaların sayı – 7 komanda.

Qeydiyyatdan keçmiş jurnalist (futbolçu sayı) – 79 nəfər.

1. "MX Yunayted", 2. "Əşrəfoğlunun dostları", 3. "Sportal", 4. "Futbol+ qəzeti", 5. "İnternasional", 6. "CBC Sport", 7. "Xankəndi", 8. "Dinamo-Bakı"