AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında 2 ay müddətində təşkil edilən və ölkə idman mətbuatı tərəfindən yüksək təşkilatçılığı ilə keçirilmiş “MEDİA turniri-1” 2016-cı ilin dekabr ayında yekunlaşıb. 2016-cı ilin idman jurnalistləri arasında keçirilmiş ən mötəbər turnirinin həlledici görüşləri AFFA-nın stadionunda baş tutub. Bürünc mükafat uğrunda keçirilən qarşılaşmada "İnternasional" və "CBC Sport" komandaları üz-üzə gəlib. Rəqibini 7:4 hesabı ilə məğlub edən birincilər 3-cü yerin qalibi olub. Çempion isə "MX United" və "İdman Azərbaycan" arasında keçirilən oyundan sonra müəyyənləşib. Hesabı televiziyaçılar açsa da, üstünlüyü sona qədər qoruya bilməyiblər. Qazandıqları penaltini də boş verən "İdman Azərbaycan", sonda məğlubiyyətlə barışmalı olub. Mətbuat katibləri geridönüşlə 2:1 hesablı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb. Bundan başqa turnir ərzində fərqlənən oyunçular da mükafatlandırılıb. Yarışın ən yaxşı qapıçısı Ramiz Mirzəzadə ("İdman Azərbaycan") seçilib. Ən yaxşı oyunçusu Emin Abbasov ("CBC Sport"), bombardiri isə Emin Səfərov ("İnternasional", 14 qol) olub. Futbol11.az saytının iştirakçı komandalar arasında keçirdiyi sorğunun qalibi isə İdman Azərbaycan komandasının kapitanı Sərxan İbrahimoğlu olub. Sayt adından qalibə xatirə hədiyyəsi təqdim edildi.
"MEDİA turniri-2016"nın mükafatlandırma mərasimində İFT İB-nın prezidenti Elxan Tağızadə, AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranları Vaqif Sadıqov, Asim Xudiyev və media nümayəndələri iştirak edib.
"MEDİA turniri - 1" / HAQQINDA
İştirakçı komandaların sayı – 10 şirkət.
Qeydiyyatdan keçmiş jurnalist (futbolçu sayı) – 96 nəfər.
1. "Futbolinfo", 2. "İdman Azərbaycan", 3. "Xəzər", 4. "CBC Sport", 5. "Niyə də Yox", 6. "İnternasional", 7. "Futbol+ qəzeti", 8. "MX United", 9. "Yanq Boyz", 10. "Bakı"