İctimai Futbol Təşkilatları İctimai Birliyinin yarandığı gündən təşkil etdiyi ən böyük layihələrdən biri məhz "Çərşənbə Axşamı Liqası" olub. "Çərşənbə Axşamı Liqası"nda 12 komanda qalib adı uğrunda mübarizə aparıb. Bu layihədə ümumilikdə 181 nəfər futbolçu qeydiyyatdan keçib. Liqa 12 komanda olmaqla dairəvi sistem üzrə keçirilib və yarış 8 ay müddətində davam edib. "Çərşənbə Axşamı Liqası" 2011-ci ilin sentyabr ayında start götürüb və 2012-ci ilin aprel ayında yekunlaşıb. "Çərşənbə Axşamı Liqası" ümumilikdə, ölkəmizdə keçirilən həvəskar futbolçular arasında təşkil olunmuş ən uzunmüddətli layihə olub. "Çərşənbə Axşamı Liqası"nda ümumilikdə 22 tur keçirilib, hər turda isə 6 oyun baş tutub. Bu isə bütün yarış ərzində 132 qarşılaşma deməkdir. 2011-ci ilin sentyabr ayında AFFA-nın inzibati binasında Liqanın püşkatma mərasimi keçirilib. "Çərşənbə Axşamı Liqası"nın qalibi 22 qarşılaşmadan 18-də qalib gəlmiş "Embawood"un birləşmiş komandası olub. "Bakcell" şirkəti 2-ci, "Dəmir Bank" isə 3-cü yeri tutub. "Çərşənbə Axşamı Liqası"na 21 aprel 2012-ci ildə yekun vurulub. AFFA-nın Futbol Akademiyasının stadionunda turnirin son oyunu keçirildikdən sonra qaliblər müəyyənləşib. Beləliklə, 22 turdan sonra 56 xal toplayan “Embawood” turnirin qalibi adını qazanıb. 53 xal toplamış “Bakcell” 2-ci, 51 xal toplamış “Dəmirbank” 3-cü yeri tutub. Həlledici qarşılaşmalar başa çatdıqdan sonra "Çərşənbə Axşamı Liqası"nda mükafatlandırılma mərasimi təşkil edilib. Mərasimdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, A yığma komandamızın baş məşqçisi Berti Foqts və İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə qalibləri kubok, medal və diplomlarla mükafatlandırıb. Sonda isə müxtəlif nominasiyalar üzrə diplomlar təqdim edilib. Qeyd edək ki, uzun marafonun sonunda qalib olmuş komanda 5000 AZN məbləğində pul mükafatına sahib çıxıb. 2-ci pillənin sahibi 3000, 3-cü pillənin sahibi isə 1500 AZN məbləğində pul mükafatına yiyələnib. “Çərşənbə Axşamı Liqası”nda təşkilat komitəsi tərəfindən iki futbolçu seçilib. Bunlar "Crystal Motors"dan Ceyhun Əmirəhmədov və "Nar Mobile"dən Aqil Əsədov. Bundan başqa, Liqanın ən yaxşı kapitanı "Nobel İnvestment Holdinq"dən Toğrul Əsgərov seçilib. “Çərşənbə Axşamı Liqası”nın ən yaxşı qapıçısı Zaur Əliyev (AFB Bank) olub. Yarış ərzində ən çox qol vuran futbolçu Roman Orlovdur (Crystal Motors, 46 qol). "Finca Azerbaijan" isə Liqanın Fair-Pley komandası seçilib.

İştirakçı şirkətlərin sayı – 12 şirkətin birləşmiş komandası

Qeydiyyatdan keçmiş futbolçu sayı – 181 nəfər

İştirakçı komandaların siyahısı: 1. "Embawood" 2. "Bakcell", 3. "DəmirBank", 4. "Comp US və HP", 5. "Crystal Motors", 6. "Nar Mobile", 7. "FİNCA Azerbaijan", 8. "AFB Bank", 9. "Landmark", 10. "Nobel İnvestment Holdinq", 11. "Parabank", 12. "Az Sığorta".