15 iyun – Azərbaycan Xalqının Milli Qurtuluş günü münasibəti ilə Futbol Veteranları İttifaqı və İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə turnir keçirilib. Olimpiya Yığma Komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda 4 komanda – YAP, Jurnalistlər, Futbol veteranları, TV və Radio – iştirak edib. İlk oyunda Yap və Veteranlar qarşılaşıb. 8:4 hesabı ilə qələbə qazanan hakim partiya finala adlayıb. Digər oyunda isə Jurnalistlərlə TV və Radio komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Tv və Radio finalda oynamaq hüququ əldə edib. Məğlublar isə üçüncü yer uğrunda oyuna qatılıb. Bu dəfə veteranlar daha inamlı təsir bağışlayıb və 8:5 hesabı ilə qələbə qazanıb. Həlledici oyunda isə YAP rəqibinə aman verməyib. Hakim partiyanın komandası 8:3 hesabı ilə rəqibini üstələyib və yarışın qalibi olub. Oyunlar başa çatdıqdan sonra komandalar mükafatlandırılıb. Qalib komandaya kubok, iştirakçılara isə diplomlar və AFFA-nın hədiyyələri təqdim edilib. Mükafatlandırma mərasimində AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, müavini Rüstəm Rəhimov, təşkilatın idarə heyətinin üzvləri Habil Qurbanov, Valeri Hacıyev və İFT-nin prezidenti Elxan Tağızadə iştirak edib.